Gundemxeber.az » GündəmXəbər » Sumqayıt DYP-nin qarşısında “Hay, Hitler!” yazısı: 40 dərəcə istidə saatlarla gözləyən vətəndaşlar - FOTOFAKTLAR
Sumqayıt şəhərinin Koroğlu prospektində yerləşən Dövlət Yol Polisi Şöbəsinin qarşısında apardığımız müşahidələr zamanı diqqətçəkən mənzərə ilə qarşılaşdıq.
DYP şöbəsinin binasından təxminən 20 addımlıq üzbəüz məsafədə daş hasarın üzərinə iri hərflərlə “Hay, Hitler!” yazılması bizi təəccübləndirdi. Bu ifadənin kim tərəfindən və nə vaxt yazıldığı bizə məlum deyil. Lakin yazının dövlət qurumunun düz qarşısında yerləşməsi və açıq şəkildə görünməsi ciddi sual doğurur. Görəsən, hər gün həmin ərazidən keçən DYP əməkdaşları və rəhbər şəxslər bu yazını görmürlərmi?
Xatırladaq ki, bir neçə il bundan öncə Adolf Hitlerə həsr olunmuş «Mənim savaşım» (Mein Kampf) kitabını nəşr etdirdiyinə görə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edilmişdi. İndi necə olur ki, «Hay, Hitler!» şüarını Sumqayıtın əsas prospektindəki divara yazanlara və buna göz yuman DYP əməkdaşlarına güldən ağır söz deyən olmur?
Məsələnin digər tərəfi isə şöbəyə müraciət edən vətəndaşların vəziyyətidir.
Ərazidə apardığımız müşahidə və vətəndaşlarla söhbətlər zamanı məlum oldu ki, insanlar xidmət almaq üçün uzun müddət növbədə gözləyirlər. Havanın temperaturunun 40 dərəcəyə yaxın olduğu bir gündə vətəndaşların saatlarla küçədə qalması xüsusilə narahatlıq doğurur.
Söhbət etdiyimiz vətəndaşlar gözləmə müddətindən narazılıqlarını bildirdilər.
Vətəndaşlar səhər saat 09:00-dan axşam 19:00-a qədər, 40 dərəcə bürkü altında küçədə növbə gözləməyə məcbur edilir. Üstəlik, saat 13:00-dan 16:00-a dək davam edən anomal nahar fasiləsi süründürməçiliyi pik həddə çatdırır.
Ərazidə gözləyən insanların təbii ehtiyaclarını ödəməsi üçün ümumiyyətlə tualetin olmaması da diqqət çəkən problemlərdən biridir.
Dövlət qurumuna müraciət edən vətəndaşın saatlarla küçədə, isti havanın altında gözləməsi xidmətin təşkili baxımından ciddi suallar yaradır. Əgər vətəndaşların müraciətlərinə vaxtında baxılmırsa, bunun səbəbi nədir? Növbələrin və xidmət prosesinin daha səmərəli təşkilinə niyə nail olunmur?
Ərazidə diqqətimizi çəkən digər məsələ isə “Hay, Hitler!” yazısının hələ də silinməməsidir. Nasist Almaniyasının lideri Adolf Hitlerə aid belə bir ifadənin dövlət qurumunun qarşısında görünməsi, ən azı, aidiyyəti şəxslərin diqqətini çəkməli idi.
Biz burada həmin yazının kim tərəfindən yazıldığını müəyyənləşdirmirik və heç kimi əsassız şəkildə ittiham etmirik. Sadəcə, ərazidə gördüyümüz mənzərəni ictimaiyyətin diqqətinə çatdırırıq.
İstər vətəndaşların saatlarla gözləməsi, istərsə də dövlət qurumunun qarşısında belə bir yazının qalması ilə bağlı aidiyyəti qurumların münasibət bildirməsi vacibdir.
Çünki vətəndaş dövlət idarəsinə öz problemini həll etmək üçün müraciət edir. Onun saatlarla gözləməsi, isti havada küçədə qalması və minimum şəraitdən məhrum olması normal hal kimi qəbul edilməməlidir.
Sumqayıt DYP-də xidmətin təşkili necədir, vətəndaşlar niyə saatlarla gözləyir və dövlət qurumunun qarşısındakı “Hay, Hitler!” yazısı nə vaxtdan oradadır?
Bu sualların cavabını aidiyyəti qurumlardan gözləyirik.
Gundemxeber.org xatırladır ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, qanunçuluğun qorunması, etik davranış qaydalarına əməl edilməsi, eləcə də xidməti vəzifələrin dürüst və prinsipial şəkildə yerinə yetirilməsi ilə bağlı dəfələrlə ciddi tapşırıqlar verib. Sual olunur: bu tələb və tövsiyələrə əməl etməyən polis əməkdaşları hansı prinsiplərə əsaslanırlar?
Ümid edirik ki, xidməti fəaliyyətdə rast gəlinən belə xoşagəlməz hallara qısa zamanda tamamilə son qoyulacaq.
Gundemxeber.org
P.S. Ərazidə apardığımız müşahidə zamanı DYP binasının daxilində sığorta şirkətinə qanunvericiliyə uyğun göndərilməli olan “Forma 4” ilə bağlı da diqqətçəkən bir məqamla qarşılaşdıq. Həmin məsələni hazırda özümüzdə saxlayırıq.
Mövzu diqqətimizdədir.
26-10-2018, 11:12
27-06-2013, 15:10
13-05-2015, 21:57
28-07-2013, 23:52
22-12-2014, 23:59
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?