Gundemxeber.az » GündəmXəbər » Fərid Eyvazovun "güc şousu" boşa çıxdı: "Alliance Clinic"də biabırçı nöqsanlar və qanunsuzluqlar
"Alliance Clinic" tibb müəssisəsi ilə bağlı redaksiyamıza ciddi şikayət və məlumatlar daxil olub. Daxil olan məlumatlarda klinikanın əməliyyat blokunun sanitariya-epidemioloji tələblərə cavab vermədiyi, əməliyyat otaqlarında havalandırma və ventilyasiya sisteminin normativlərə uyğun gəlmədiyi, hava mübadiləsi göstəricilərinin bərbad vəziyyətdə olduğu, eləcə də pasiyentlərin sağlamlığı üçün ciddi təhlükə yaradan digər texniki uyğunsuzluqların mövcudluğu qeyd edilir. Gundemxeber.org-a yazan jurnalist Ofeliya Davudqızı bildirir ki, "məsələnin ictimai sağlamlıq və pasiyent təhlükəsizliyi baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, tərəfimizdən 5 sentyabr tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 21 nömrəli rəsmi jurnalist sorğusu ünvanlanmışdı. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) sorğumuza operativ və obyektiv şəkildə cavab verərək, qeyd olunan ünvanda müvafiq yoxlama tədbirlərinin həyata keçirildiyini və ciddi nöqsanların aşkarlandığını rəsmən bildirdi. AEM-in araşdırması nəticəsində müəssisədə tibbi fəaliyyət üçün istifadə edilən avadanlıqların normativ-texniki sənədlərinin təqdim edilmədiyi, reanimasiya sahəsindəki şəraitin qaydalara uyğunlaşdırılmadığı, əməliyyatxanaya keçiddə sanitariya normasının tələb etdiyi duş kabinəsinin ümumiyyətlə olmadığı, tibbi qazların yerləşdirildiyi sahənin müfəttişlərdən gizlədilərək baxışa təqdim edilmədiyi, camaşırxana otağının olmadığı və geyimlərin yuyulması üçün hər hansı şirkətlə müqavilənin belə bağlanmadığı müəyyən olunub.
Bunlarla yanaşı, lisenziyadan kənar tibbi fəaliyyətin göstərildiyi (İXM-in 215.1-ci maddəsi) və mənşəyi bilinməyən, normativlərə cavab verməyən, yaxud yararsız dərman vasitələrinin saxlanıldığı (İXM-in 221.1-ci maddəsi) təsdiqini tapıb. Ən qəribə məqam isə odur ki, klinikada əməliyyatxana və reanimasiyanın uzun müddətdir fəaliyyət göstərmədiyi iddia edildiyi üçün havalandırma və ventilyasiya sistemində laborator ölçmələr aparmaq belə mümkün olmayıb. Bütün bu biabırçı siyahının başında duran şəxs – "Alliance Clinic"in baş həkimi və məsul vəzifəli şəxsi Fərid Eyvazovdur. AEM-in rəsmi cavabında açıq şəkildə qeyd olunur ki, yoxlama prosesində Fərid Eyvazov yoxlayıcı qrupun fəaliyyətinə açıq-aşkar maneələr yaradıb və yoxlamanın şəffaflığını pozmağa cəhd göstərib!
İnsan həyatına birbaşa cavabdeh olan bir tibb müəssisəsinin rəhbəri, baş həkim dövlət müfəttişinin qarşısını nə üçün kəsir? Normativə cavab verməyən dərmanları gizlətmək üçünmü, lisenziyasız göstərdikləri qanunsuz xidmətlərin üstünün açılmaması üçünmü, yoxsa təhlükəli tibbi qazların saxlandığı bərbad şəraiti göstərməyə utandığı üçünmü?
Aşkar olunmuş bu qanunsuzluqlara və dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərə mane olduğuna görə Fərid Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1, 221.1 və 602.4-cü maddələri ilə protokollar tərtib edilib. Səhiyyə sahəsində baş həkim postunu tutan bir şəxsin öz müəssisəsini bu dərəcədə acınacaqlı vəziyyətə gətirməsi, üstəlik yoxlamadan qaçmaq üçün maneələr yaratması tibbi etikaya da, rəhbər məsuliyyətinə də sığmır. Pasiyentlərin canını etibar etdiyi bir klinikanın baş həkiminin dövlət yoxlamasına qarşı bu cür davranışı, onun öz fəaliyyətindəki qanunsuzluqları nə dərəcədə yaxşı bildiyinin sübutudur. Biz redaksiya olaraq operativ reaksiya və obyektiv yoxlamaya görə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təşəkkür edirik. Vətəndaşların sağlamlığını və hüquqlarını qorumaq adına "Alliance Clinic"dəki və Fərid Eyvazovun rəhbərliyindəki prosesləri diqqətdə saxlamağa davam edəcəyik."
Gundemxeber.org
25-02-2026, 17:09
5-02-2014, 15:01
21-05-2026, 23:53
10-08-2026, 11:57
5-06-2025, 16:22
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?