Dövlətə xəyanət ittihamı ilə həbs edilən Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar yayılıb. Bu informasiya Bakı-Moskva xəttindəki baş verənlərin pərdəarxası məqamları anlamağa imkan verir. Mehdiyevin Əliyevlə Putinin Düşənbə görüşündən sonra həbs olunması suallar yaratmışdı: Bakı-Moskva xəttində problemlər aradan qalxdığı vaxt Rusiyaya bağlı fiqur niyə həbs olundu? Yayılan məlumatlar bu suala aydınlıq gətirir: Rusiya tərəfi Düşənbədə Mehdiyevin çevriliş planı ilə bağlı Azərbaycanı məlumatlandırıb. Əliyevlə Putinin görüşündən dərhal sonra Mehdiyevin həbs edilməsi də bu informasiyanın doğruluq payını gücləndirir, çünki siyasi və ictimai fəaliyyətdən uzaqlaşmış 87 yaşlı keçmiş “boz kardinal”ın neytrallaşdırılması zərurəti yalnız dövlətə real təhlükə yarada biləcəyi halda baş verə bilərdi. Aydın olur ki, Mehdiyev son bir il ərzində Azərbaycanda çevrilişin həyata keçirilməsi planına Rusiyanın dəstək verməsi istiqamətində işləyirmiş. Əslində onun 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri postundan gedişindən sonra “geri qayıtmaq” uğrunda mübarizə aparacağı və formalaşdırdığı “beşinci kalon” vasitəsilə təxribatlar törədəcəyi gözləntiləri vardı. Hətta Mehdiyevin AMEA-nın prezidenti postunda olduğu dövrdə elm ocağını özünün siyasi təxribat planlarının yuvasına çevirdiyi deyilirdi: “beşinci kalon”un üzvlərini Elmlər Akademiyasındakı ofisində qəbul edir, müəyən tapşırıqlar verirdi, eyni zamanda, Rusiyadan gələn emissarları da burada qəbul edirdi. Bunu ispat edən faktlar da mövcuddur: Mehdiyevin AMEA-da yaratdığı vəziyyət elm adamlarının ciddi narazılığına səbəb olmuşdu, etiraz dalğası ictimai şəkildə dilə gətirilirdi. 2022-ci ilin 14 fevralında Akademiyada keçirilən iclasda o, yaşı ilə əlaqədar vəzifəsindən getmək istəyi haqqında Prezident İlham Əliyevə müraciət edəcəyini bildirdi. Bundan 5 gün sonra – 19 fevralda AMEA-nın ümumi yığıncağında Mehdiyevin istefası qəbul olundu. Hərçənd, 17 martda Mehdiyev yenidən AMEA-da peyda oldu. İlkin məlumata görə, gəlişinin səbəbi şəxsi əşyalarını götürmək olub, daha sonra isə Mehdiyevin Rusiyadan gələn nümayəndələrlə – Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüşdüyü məlum oldu./globalinfo/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?