Masallı rayonunda yerləşən dövlət meşə fondu ərazisində baş verdiyi iddia olunan ağac kəsimi hadisəsi yerli sakinlər arasında narahatlıq doğurub. Sakinlərin bildirdiyinə görə, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qəriblər meşəbəyliyinin 8 saylı dolayında, “Park Masallı” kimi tanınan ərazidə iri diametrli şabalıdyarpaq palıd ağaclarının əvvəlcə qurudulduğu, daha sonra isə kəsilərək ərazidən çıxarıldığı iddia olunur.
Verilən məlumata əsasən, diametrləri 96 sm, 108 sm və 110 sm olan 3 ağacın kəsilməsi üçün xüsusi rəy alınıb. Lakin sakinlər həmin rəyin qanuniliyini şübhə altına alır və onun “saxta” ola biləcəyini irəli sürürlər. Onların sözlərinə görə, bu ağaclar 20 aprel 2026-cı il tarixində kəsilərək götürülüb.
İddialara görə, hadisədən sonra vəziyyəti ört-basdır etmək məqsədilə kəsilmiş ağacların yerinə yeni tinglər əkilib. Sakinlər bunu “gözdən pərdə asmaq” kimi qiymətləndirir və məsələni ictimai diqqətə çatdırmağa çalışırlar.
Məsələdə ən çox sual doğuran məqamlardan biri isə rəyin kim tərəfindən verilməsidir. Sakinlərin iddiasına görə, bu rəy Dövlət Ekspertiza İdarəsinin rəhbəri Mirsalam Qənbərov tərəfindən təqdim olunub. Bu isə əlavə müzakirələrə səbəb olur: əgər söhbət dövlət meşə fondu ərazisindən gedirsə, belə bir ərazi üçün kəsimə icazə hansı əsaslarla və hansı prosedurla verilib?
Eyni zamanda qeyd olunur ki, əgər ağaclar həqiqətən qurumuş və ya xəstə vəziyyətdə idisə, onlar yalnız sanitar qırma qaydalarına uyğun şəkildə kəsilməli idi. Bu isə o deməkdir ki, hər bir ağacın vəziyyəti yerində yoxlanılmalı, müvafiq akt tərtib olunmalı və proses şəffaf aparılmalı idi. Sakinlər isə iddia edirlər ki, bu prosedurlar ya düzgün yerinə yetirilməyib, ya da ümumiyyətlə gözardı edilib.
Hadisənin hüquqi tərəfi də diqqət mərkəzindədir. Dövlət meşə fondu torpaqları xüsusi qorunan ərazilər hesab olunur və burada hər hansı müdaxilə ciddi qanunvericilik tələblərinə tabedir. Bu baxımdan, səsləndirilən iddialar təsdiqini taparsa, məsələ yalnız ekoloji deyil, həm də hüquqi məsuliyyət doğura bilər.
Sakinlər artıq məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu-na müraciət etməyə hazırlaşdıqlarını bildirirlər. Onların əsas tələbi hadisənin obyektiv və şəffaf şəkildə araşdırılması, günahkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasıdır.
Hazırda qarşı tərəfin mövqeyi ictimaiyyətə açıqlanmayıb. Məsələnin bütün tərəflərinin dinlənilməsi və rəsmi qurumların açıqlaması hadisəyə aydınlıq gətirilməsi baxımından vacibdir. Mövzu üzrə əlavə məlumat əldə edildikcə ictimaiyyətə təqdim olunması zəruridir. Gundemxeber.com olaraq, qarşı tərəfin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?