6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist-hüquqşünas Yaşar Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq həyat yoldaşının üzləşdiyi qanunsuzluqların araşdırılmasını və onun həyatının xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsini xahiş edib.
Mətbuatda da xəbər verildiyi kimi, Yaşar Ağazadə müəssisə rəhbərliyinin qanunsuz qərarlarına, uzun müddətdir cərimə təcridxanasında ("kars") saxlanılmasına, ailəsi ilə görüş, telefon əlaqəsi və sovqat hüquqlarının məhdudlaşdırılmasına etiraz olaraq artıq 22 gündür quru aclıq aksiyası keçirir. Ailəsi onun səhhətindən ciddi narahatdır və bildirir ki, hər keçən gün Yaşar Ağazadənin həyatı üçün təhlükə daha da artır.
Prezidentə ünvanladığı müraciətdə Aygün İsmayıllı qeyd edir ki, həyat yoldaşı 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü ilk gündən müəssisə rəisi Fariz Əliyevin qərarı ilə heç bir hüquqi əsas göstərilmədən cərimə təcridxanasına yerləşdirilib. Onun sözlərinə görə, bu qərar Yaşar Ağazadəyə təqdim edilməyib və nəticədə o, qanunvericiliyin verdiyi şikayət hüququndan faktiki olaraq məhrum edilib.
Müraciətdə vurğulanır ki, qanunvericiliyin tələblərinə baxmayaraq, Yaşar Ağazadəyə yeni müəssisəyə köçürüldüyü gün ailəsi ilə telefon əlaqəsi saxlamaq imkanı yaradılmayıb. Sonrakı müddətdə isə telefon danışığı, görüş və digər hüquqları tamamilə məhdudlaşdırılıb.
Aygün İsmayıllı bildirir ki, iyulun 21-də uşaqları ilə birlikdə həyat yoldaşı ilə görüşmək üçün 6 saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, onlara görüş verilməyib. Müəssisənin Təhlükəsizlik Xidmətinin rəisi yalnız Yaşar Ağazadənin cərimə təcridxanasında olduğunu bildirib.
Onun sözlərinə görə, müəssisə rəhbərliyi əvvəlki müraciətlər zamanı Yaşarın aclıq etmədiyini və vəziyyətinin yaxşı olduğunu iddia etsə də, iyulun 20-də vəkilinin onunla görüşündən sonra bunun həqiqətə uyğun olmadığı məlum olub. Vəkil təsdiqləyib ki, Yaşar Ağazadə uzun müddətdir cərimə təcridxanasında saxlanılır və quru aclıq aksiyası keçirir.
Müraciətdə xüsusi narahatlıq doğuran məqamlardan biri də aclıq aksiyasının müəssisə rəhbərliyi tərəfindən rəsmi qeydiyyata alınmaması göstərilir. Bildirilir ki, Yaşar Ağazadənin aclıq etməsinə baxmayaraq, bu barədə müəssisənin qeydiyyat sənədlərində müvafiq qeyd aparılmayıb və o, tibbi nəzarətə götürülməyib. Aygün İsmayıllı hesab edir ki, bu, onun həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Prezidentə ünvanlanan müraciətdə qeyd olunur ki, baş verən hadisələrlə bağlı həm Ombudsman Aparatına, həm də Penitensiar Xidmətin qaynar xəttinə məlumat verilib. Bundan əlavə, Aygün İsmayıllı 9 iyul 2026-cı ildə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun qəbulunda olaraq bütün faktları şəxsən diqqətinə çatdırdığını bildirir. Lakin iki həftədən artıq vaxt keçməsinə baxmayaraq vəziyyətin dəyişmədiyini, Yaşar Ağazadənin hələ də cərimə təcridxanasında saxlanıldığını və aclıq aksiyasını davam etdirdiyini vurğulayır.
Məktubda 6 saylı Cəzaçəkmə Müəssisəsindəki saxlanma şəraitinə də geniş yer ayrılır. Bildirilir ki, cərimə təcridxanasının kameraları müəyyən edilmiş standartlara cavab vermir. Kameralarda havalandırma və təbii işıqlandırma yoxdur, yüksək rütubət və antisanitariya hökm sürür, avadanlıqlar yararsız vəziyyətdədir. Yaşayış sahəsinin qanunvericilikdə nəzərdə tutulan minimum normaya uyğun olmadığı, məhkumların sayının həddindən artıq olması səbəbindən onların yerdə yatmağa məcbur qaldığı iddia edilir.
Bundan başqa, müəssisədə məhkumların qidalanmasının da normativ tələblərə cavab vermədiyi qeyd olunur. Yeməklərin keyfiyyətsiz hazırlandığı, istifadə olunan ərzaqların mənşəyinin və keyfiyyətinin məlum olmadığı, ərzaq anbarlarında antisanitar vəziyyət hökm sürdüyü bildirilir.
Aygün İsmayıllı müraciətində müəssisə əməkdaşlarının məhkumlarla kobud rəftar etdiyini, yeni gətirilən məhkumların döyülməsi və ləyaqəti alçaldan formada axtarışa məruz qalması barədə çoxsaylı məlumatların mövcud olduğunu da diqqətə çatdırır.
Müraciətin sonunda Aygün İsmayıllı Prezident İlham Əliyevdən Ədliyyə naziri Fərid Əhmədova, Ombudsman Səbinə Əliyevaya, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova və digər aidiyyəti şəxslərə göstəriş verərək Yaşar Ağazadənin saxlanıldığı cərimə təcridxanasında yerində araşdırma aparılmasını, onun səhhətinin təcili yoxlanılmasını, hüquqlarının bərpa olunmasını və yol verilmiş qanun pozuntularına hüquqi qiymət verilməsini xahiş edir.
Ailə hesab edir ki, Yaşar Ağazadənin həyat və sağlamlığı ciddi təhlükə altındadır və onun vəziyyətinə dərhal müdaxilə edilmədiyi təqdirdə ağır nəticələr baş verə bilər.
Sorğu
Yeni dizaynımız necədir?