Gundemxeber.az » Manşet » SİYASİ YADDAŞIN KONFABULASİYASI VƏ İKİ LİDERİN DÖVLƏTÇİLİK DƏRSİ
Sensasiya naminə qurban verilən tarix: ANS-in tirajladığı “Şeva mifi” və gerçəklər
Gecə yarısı...
Bakı hava limanının xüsusi qonaqlar üçün nəzərdə tutulmuş VIP zalı... Pəncərənin arxasında Xəzərin soyuq küləyi əsir, uçuş zolağında isə mühərriki hələ soyumamış xüsusi hökumət təyyarəsi dayanıb.
Qarabağ müharibəsinin alovlandığı, ölkənin çətin günlər yaşadığı bir ərəfədə, bu zalda üç böyük siyasətçi üz-üzə gəlib: biri Qafqazın “ağ tülküsü” ləqəbli Gürcüstan rəhbəri, digəri Bakının idealist prezidenti, xalqın azadlıq elçisi, üçüncüsü isə Naxçıvanın blokada divarları arasından çıxıb gəlmiş təcrübəli siyasət magistri – sovet siyasi sisteminin son patriarxı...
Gürcüstanın sabiq rəhbərinin iddiasına görə, bu otaqda bir neçə dəqiqə sonra dövlət tarixinə keçəcək çox sərt, hətta diplomatik etikadan kənar bir “müharibə mübahisəsi” yaşanacaq. Otaqdakı gərginlik o dərəcədə pik həddə çatır ki, xarici qonaq belə bu dramatik mənzərəni heyrətlə izləməli olur...
GİRİŞ: SİYASƏTDƏ YADDAŞ VƏ “YALANÇI XATİRƏLƏR” İLLÜZİYASI
Bu mənzərə reallığı əks etdirsəydi, şübhəsiz ki, yaxın tariximizin ən böyük siyasi tapıntılarından biri olardı. Uzun illər sonra Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ANS telekanalının rəhbəri Vahid Naxışa (Mustafayev) verdiyi müsahibəsində məhz bu hekayəni danışırdı. O, Daşkəndə rəsmi səfərə uçarkən təyyarəsinin Bakıda müvəqqəti dayandığını, həmin vaxt hava limanında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy ilə Heydər Əliyev arasında müharibə məsələsinə görə kəskin bir qarşıdurmanın şahidi olduğunu iddia edirdi. Hekayə o qədər canlı, detallı və dramatik nəql olunmuşdu ki, sadə tamaşaçı bu ssenarinin böyük bir siyasi detektivin parçası olduğuna asanlıqla inana bilərdi.
Lakin tarix emosiyaların və bədii təsvirlərin deyil, soyuq düşüncənin, sənədlərin, arxivlərin və xronologiyanın elmidir. Siyasi psixologiyada və koqnitiv elmlərdə “konfabulasiya” (yalançı xatirələr) adlanan bir fenomen var. İnsanlar, xüsusən də yaşlı siyasətçilər, keçmişdə baş vermiş real hadisələrin fraqmentlərini şüuraltı olaraq tamamilə fərqli zamanlara, fərqli şəxslərə və məkanlara köçürür, beyinlərində yaşanmamış yeni bir reallıq “montaj edirlər”.
Şevardnadzenin ANS efirindən bütün Azərbaycana tirajlanan bu xatirəsi də siyasi konfabulasiyanın, bəlkə də daha çox məqsədli bir manipulyasiyanın klassik nümunəsidir. Çünki ortada təkzibedilməz bir həqiqət var: Şevardnadzenin bəhs etdiyi o məlum üçlü – Şevardnadze, Əliyev və Elçibəy – tarixin heç bir kəsiyində, heç bir coğrafiyada və heç bir hava limanında eyni vaxtda bir araya gəlməyiblər.
“ŞEVA”NIN İDDİALARININ XRONOLOJİ SÜQUTU: RƏQƏMLƏR NƏ DEYİR?
Bir xatirənin gerçəkliyini yoxlamaq üçün ən fundamental süzgəc zaman oxudur. Əgər Şevardnadzenin dediyi kimi, bu hadisə o, Gürcüstan rəhbəri olaraq Daşkəndə rəsmi səfərə gedərkən və Elçibəyin prezidentliyi dönəmində (17 iyun 1992 – iyun 1993) baş veribsə, gəlin rəsmi dövlət arxivlərinin təqviminə nəzər salaq.
Fakt 1: Gürcüstan-Özbəkistan əlaqələrinin rəsmi təqvimi
Bir dövlət başçısının digər ölkəyə rəsmi səfər etməsi üçün ilk növbədə həmin ölkələr arasında diplomatik münasibətlərin qurulması hüquqi şərtdir. Gürcüstan ilə Özbəkistan arasında rəsmi diplomatik əlaqələr 1994-cü ilin avqust ayında qurulub. Diqqət edək: bu tarix, Əbülfəz Elçibəyin Bakını tərk edib Kələkiyə getməsindən tam 1 il 2 ay sonraya təsadüf edir. E. Şevardnadzenin müstəqil Gürcüstanın rəhbəri kimi Özbəkistana etdiyi ilk rəsmi dövlət səfəri isə 4–5 sentyabr 1995-ci ildə gerçəkləşib. 1995-ci ilin sentyabrında isə Azərbaycanda prezident kürsüsündə artıq Heydər Əliyev əyləşmişdi, Elçibəy isə Kələkidə mühacirət həyatı yaşayırdı. Şevardnadzenin təyyarəsinin Bakıda tranzit dayanacaq etdiyi həmin 1995-ci il səfərində onun Elçibəyi hava limanında görməsi, onunla Heydər Əliyevin kəskin mübahisəsini izləməsi fiziki və riyazi olaraq qeyri-mümkündür.
Fakt 2: 1993-cü ilin fevral ayı – Kəsişməyən yollar
Sual oluna bilər: bəlkə bəhs olunan bu görüş Elçibəyin hakimiyyətdə olduğu dönəmdə hansısa başqa bir Bakı səfərində baş verib? Şevardnadzenin Gürcüstan rəhbəri kimi Elçibəyin dövründə Bakıya yeganə səfəri 1993-cü il fevralın 3-də baş tutub. Gürcüstan lideri Bakıya gəlib, Elçibəylə geniştərkibli görüşlər keçirib, iki ölkə arasında dostluq və əməkdaşlıq müqavilələri imzalayıb və fevralın 4-də mətbuat konfransı keçirərək Tbilisiyə geri dönüb. Əslində, həmin səfər “Şeva”nın xahişi, hətta yalvarışları sayəsində baş tutmuşdu. Dostluq müqavilələri məlum görüşün görünən tərəfi idi. Məsələnin bir də görünməyən tərəfi var idi: Şevardnadze Azərbaycan tərəfinin vasitəçiliyi ilə Bakıda Çeçenistan Prezidenti Cövhər Dudayevlə görüşmüşdü. Bu isə artıq başqa bir mövzunun söhbətidir...
Bəs həmin günlərdə Heydər Əliyev harada idi? 3-4 fevral tarixlərində Heydər Əliyev Bakıda deyil, Naxçıvanda idi və Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsini icra edirdi. Doğrudur, fevralın 2-də Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev rəhmətə getmişdi, ancaq müəyyən səbəblərdən dolayı, onun yas mərasiminə (7 mərasiminə) gəlişi fevralın 9-da gerçəkləşmişdi. İki lider arasındakı məşhur “8 saatlıq görüş” (bu məsələləri ən doğru şəkildə bilən sabiq dövlət katibi və baş nazir Pənah Hüseynin təsdiqinə görə, görüş cəmi 3-4 saat çəkib) yalnız fevralın 11-də – yəni Şevardnadzenin gəlib getməsindən bir həftə sonra baş tutmuşdo. Heydər Əliyev Bakıya gələndə “Şeva” artıq Tbilisidə idi.
REAL TARİX: 1993-CÜ İLİN APRELİNDƏ HAVA LİMANI GÖRÜŞÜ VƏ DÖVLƏTÇİLİK ƏXLAQI
Bəs Şevardnadzenin yaddaşındakı bu “Bakı hava limanı”, “Heydər Əliyev” və “Əbülfəz Elçibəy” elementləri haradan qaynaqlanır? O, bu hekayəni tamamilə yoxdan uydurub, yoxsa real bir tarixin kölgəsini fərqli bir tablonun üzərinə köçürüb?
Tarix sübut edir ki, Elçibəyin 1 illik prezidentliyi dönəmində onunla Heydər Əliyevin hava limanında həqiqətən bir araya gəldiyi cəmi bircə tarixi hadisə olub. Bu hadisə 1993-cü ilin aprel ayında, Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özalın qəfil vəfatı günlərində yaşanıb. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev dəfn mərasimində iştirak etmək üçün Ankaraya getməli idi. Naxçıvandan birbaşa beynəlxalq uçuş imkanları məhdud olduğundan, o, Bakı üzərindən uçmağa məcbur idi. Heydər Əliyev Bakı hava limanına gəlir və uçuş saatını gözləmək üçün VIP salona keçir.
Həmin anın canlı şahidi olmuş hazırkı Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində o tarixi qarşılaşmanı belə nəql edir:
“Turqut Özal rəhmətə getmişdi. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev də dəfn törənində iştirak etmək üçün Ankaraya gedəcəkdi. O, VIP salonunda əyləşmişdi. Elə bu zaman Azərbaycan Prezidenti Əbülfəz Elçibəy salona daxil oldu. Heydər Əliyev ayağa qalxıb onu salamlayarkən Əbülfəz bəy: “Qalxmayın, əyləşin, Heydər bəy”, - dedi. Atam isə prezidentin bu nəzakətli davranışına: “Mən Azərbaycan Prezidentinin qarşısında dayanmışam”, - deyə cavab verdi”.
Prezidentdən gətirdiyimiz bu sitat Şevardnadzenin uydurduğu o ucuz mübahisə ssenarini kökündən rədd edən Azərbaycan dövlətçilik tərbiyəsinin ən ali zirvəsidir.
Heydər Əliyev! Biz bu nəhəng dövlət adamını zaman keçdikcə, tarixin tozlu səhifələrini vərəqlədikcə daha dərindən tanıyırıq. Onun aeroport salonunda nümayiş etdirdiyi davranış sadəcə şəxsi nəzakət deyil, imperiya idarəçilik maşınının süzgəcindən keçmiş bir diplomatın dövlət institutuna, prezidentlik məqamına olan mütləq ehtiramının təzahürü idi. Elçibəy “Qalxmayın, əyləşin, Heydər bəy!” deməklə Heydər Əliyevin yaşına, ağsaqqallığına və xalq qarşısındakı xidmətlərinə olan sayğısını ortaya qoyurdu. Heydər Əliyev isə “Mən Azərbaycan Prezidentinin qarşısında dayanmışam!” ifadəsi ilə siyasi fikir ayrılıqlarını, daxili rəqabəti bir kənara qoyaraq, dövlətin rəmzi olan şəxsin önündə təzim etməyin bir vətəndaş və siyasətçi borcu olduğunu nümayiş etdirirdi.
Bu, sadəcə keçici bir epizod da deyildi. Heydər Əliyev dövlət tərbiyəsini və ali siyasətçi duruşunu bütün məqamlarda qoruyub saxlayırdı. İllər sonra, 2000-ci ildə Əbülfəz Elçibəy vəfat edəndə də eyni nəcib və dövlətçi mövqe təkrarlandı. Vida mərasimi Elmlər Akademiyasının binasında keçirilirdi. Zaldakı gərginlik pik həddə idi. Birdən Heydər Əliyev öz dövlət ərkanı ilə zala daxil oldu. Zaldakı emosional cəbhəçilər onu görən kimi siyasi qisasçılıq və aqressiya ilə “Ən böyük Elçibəy, başqa böyük yox!” şüarını qışqırmağa başladılar.
Heydər Əliyev isə bu yersiz bağırtılara zərrə qədər də məhəl qoymayaraq, böyük bir soyuqqanlılıq və kübarlıqla irəlilədi. Əvvəlcə mərhumun ailəsinə yaxınlaşıb onlara səmimi başsağlığı verdi, dərdlərini bölüşdü, sonra isə heç bir siyasi ambisiyaya baxmadan, ölkənin eks-prezidenti Əbülfəz Elçibəyin nəşi önündə baş əyib, fəxri qarovulda durdu.
Bəli, Elçibəy çox böyük, təmiz və idealist bir şəxsiyyət idi. Amma onun bu böyüklüyü meydanlarda bağıran qaragüruhun yersiz və bəsit şüarları ilə deyil, məhz onunla ən kəskin siyasi mübarizə aparan Heydər Əliyev kimi bir nəhəngin ona göstərdiyi sonsuz dövlətçi ehtiramın fonunda daha parlaq, daha əzəmətli görünürdü.
Tanrı türkün bu iki böyük oğluna – Heydər Əliyevə və Əbülfəz Elçibəyə rəhmət eləsin! Nur içində yatın, BÖYÜK KİŞİLƏR!
“ŞEVA”NIN “SİYASI PRAQMATİZMİ”NİN PƏRDƏARXASI: NİYƏ BU YALAN?
Bəs bütün bu ali dövlətçilik reallıqlarının fonunda Şevardnadze niyə illər sonra ANS ekranlarına çıxıb belə bir uydurma ssenari danışmalı idi? Onun bu konfabulasiyasının və ya məqsədli yalanının arxasında hansı siyasi motivlər dayanırdı?
Burada üç əsas strateji məqsəd aydın şəkildə görünür:
Azərbaycanın mövcud elitasına yarınmaq və siyasi rəğbət qazanmaq cəhdi
Şevardnadze postsovet məkanının ən hiyləgər, ən təcrübəli, “komsomol məktəbi” keçmiş siyasətçilərindən biri idi. O, yaxşı bilirdi ki, müstəqil Azərbaycanda Heydər Əliyev şəxsiyyətinə və onun siyasi irsinə çox böyük dövlət həssaslığı var. O, öz uydurduğu hekayədə Heydər Əliyevi “hər kəsə, hətta ölkə prezidentinə belə dərs verən, onu sərt şəkildə tənqid edən, müharibənin gedişatını təkbaşına yönləndirməyə çalışan yeganə müdrik fiqur” kimi təsvir etməklə, faktiki olaraq rəsmi Bakıya bir geosiyasi jest etmək, hakimiyyətin rəğbətini qazanmaq istəyirdi. O düşünürdü ki, Heydər Əliyevi bu şəkildə “ucaltmaq” onun Bakıdakı siyasi reytinqinə əlavə dividendlər gətirəcək.
Əsas müxalifət irsini (Elçibəyi) aşağılamaq və özünü “Regionun Ağsaqqalı” kimi sırımaq
Şevardnadze bu uydurma hekayədə Elçibəyi zəif, iradəsiz, xarici qonağın yanında öz regional rəqibi tərəfindən küncə sıxışdırılan, cavab verə bilməyən aciz bir obraz kimi qələmə verirdi. Bununla o, həm Azərbaycandakı müxalifət elitasının tarixi köklərini zədələməyə çalışır, həm də öz şəxsi çəkisini süni şəkildə artırırdı. Ssenariyə diqqət edin: güya Azərbaycanın iki nəhəng lideri öz daxili müharibə strategiyalarını Şevardnadzenin gözü qarşısında, onun hüzurunda mübahisə edirlər. Bu, Şevardnadzenin özünü Qafqazın əsas “ağsaqqalı”, digər dövlət rəhbərlərinin isə onun yanında sanki bir uşaq kimi mübahisə etdiyi imicini yaratmaq üçün qurulmuş ucuz bir siyasi teatr idi.
İntiqam hissi (köhnə hesabları qapatmaq)
Bu tezis Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiya ilə bağlıdır. Hələ 1991-ci ilin dekabr ayında, birbaşa “Şeva”nın rəhbərliyi altında müxalif silahlı qüvvələrin qanuni seçilmiş prezidentə qarşı dövlət çevrilişi baş tutdu. Qamsaxurdiya bir müddət müqavimət göstərsə də, qüvvələr nisbəti onun əleyhinə idi və o, ölkə ərazisini tərk etmək məcburiyyətində qaldı. Bu məsələdə Azərbaycan ona öz ərazisindən çıxış üçün yol verdi. Qamsaxurdiya Azərbaycan ərazisindən keçməklə Çeçenistana – ən yaxın müttəfiqi Dudayevin yanına getdi. Görünən odur ki, Şevardnadze Azərbaycan rəhbərliyinin bu jestini özünə qarşı düşmənçilik kimi qəbul etmişdi.
Lakin Şevardnadze bir şeyi hesaba qatmamışdı: Heydər Əliyevin real zadəganlığı və dövlətçilik tərbiyəsi onun uydurduğu bu ucuz yarınmaq ssenarisindən qat-qat uca idi. Böyük dövlət tərbiyəsi görmüş Ulu Öndər yad bir ölkənin rəhbərinin iştirak etdiyi hər hansı bir məclisdə, ictimai məkanda öz ölkəsinin rəsmi dövlət başçısına qarşı heç vaxt hörmətsizlik etməz, dövlətin nüfuzunu xarici liderin yanında yerə vurmazdı. Şevardnadze Heydər Əliyevi ucaltmaq istəyərkən, əslində, öz təfəkküründəki bəsit idarəçilik modelini onun üzərinə köçürmüş və böyük liderin dövlət adamı xarakterini tamamilə səhv qiymətləndirmişdi.
PATRİARXDAN “AĞ TÜLKÜ”YƏ ROKİROVKALI MAT
Bu iki liderin (Əliyev və Şevardnadze) münasibətlərindəki real siyasi çəkini və Heydər Əliyevin sarsılmaz məntiqini göstərən daha bir tarixi incini xatırlamaq yerinə düşər.
Günlərin birində, rəsmi görüşlər əsnasında Eduard Şevardnadze təbəssümlə Heydər Əliyevə deyir: “Sizdən bizə neft axırsa, bizdən də sizə su-çay axır” (bununla Kür çayını nəzərdə tuturdu).
Aralarındakı xoş və mehriban münasibətlərə rəğmən, dövlət maraqlarını hər şeydən uca tutan Heydər Əliyevin cavabı anında və sərt olur:
“Sənin bu fikrinlə qətiyyən razılaşmıram, Edik! Neft bir türk dövlətindən (Azərbaycandan) baş alıb, sizin ölkənizdən keçməklə bir başqa türk dövlətinə (Türkiyəyə) axır. Kür çayı da həmçinin – başlanğıcını o başdakı türk məmləkətindən alır, sizin ərazinizdən keçərək başqa bir türk ölkəsində (Azərbaycanda) dənizə qovuşur. Deməli, siz hər iki halda sadəcə tranzit ərazisiniz. Buna görə də sağ olun”.
Şahmatda çox nadir hallarda rokirovka edərək (şahla topun yerini dəyişmək) rəqibi mat etmək mümkündür. Siyasəti ən çox şahmata bənzədirlər. “Siyasətin patriarxı” ləqəbini qazanmış Heydər Əliyev bütün karyerası boyunca rəqiblərini tez-tez bu cür üsulla mat etməyi mükəmməl bacarırdı. Məsələn, İranın Ali Dini Rəhbəri mərhum Seyid Əli Xamneyi ilə görüşündə onun “Mazandaran gölü” ifadəsi müqabilində rəqibini məhz bu üsulla mat etmişdi.
Bu dialoq Heydər Əliyevin sadəcə nəzakətli bir dövlət adamı deyil, həm də öz dövlətinin maraqlarını, coğrafi və tarixi reallıqları anında masaya qoyan böyük bir strateq olduğunu göstərir. Onun bu cavabından sonra gəlin Şevardnadzenin anlıq durumunu təsəvvür edək.
Şevardnadze beynəlxalq arenada hiyləgərliyi və diplomatik gedişləri ilə seçilən, “Qafqaz tülküsü” ləqəbli bir siyasətçi idi. Onun bu yersiz ironik (“bizdən də sizə su axır”) zarafatı arxasında Gürcüstanın regiondakı tranzit rolunu bərabərhüquqlu tərəfdaş kimi qabartmaq cəhdi dayanırdı. Heydər Əliyevin coğrafi faktlarla verdiyi o “şah-mat” cavabından sonra Şevardnadzenin anlıq durumunu belə təsvir etmək olar:
- “Təbəssümün donması”: Gürcüstan liderinin diplomatik manevr cəhdi iflasa uğrayır, sifətindəki o mehriban təbəssüm anidən donur;
- “Sükut və heyranlıq”: Öz intellektual tələsinə özü düşən Şeva qarşısındakı siyasi patriarxın reallığı bir cümlə ilə necə alt-üst etdiyini görür və onun məntiqi qarşısında sadəcə susmağa məcbur olur.
Siyasətdə və ritorikada bu çıxılmaz vəziyyətə nə ad verilir? Siyasi ritorikada, debat elmində və diplomatiyada bu cür situasiyaların çox dəqiq terminoloji adları var:
- Şah-mat və ya Diplomatik Küncə Sıxışdırılma (Diplomatic Checkmate): rəqibin arqumentini tamamilə onun özünə qarşı çevirərək, ona hərəkət etmək üçün heç bir alternativ sahə buraxmamaq;
- “Zərbəni özünə qaytarma” (Bumeranq effekti / Counter-punch): siyasətdə rəqibin diplomatik ironiyasını və ya arqumentini elə onun öz əleyhinə istifadə edərək, onu müdafiəsiz qoymaq sənəti;
- Ritorik küncə sıxılma (Cul-de-sac): danışıqlar zamanı tərəflərdən birinin digərini məntiqi olaraq çıxılmaz dalana salması.
“Qafqaz tülküsü” ləqəbli Şevardnadzenin simasındakı təbəssümü donduran, onu ritorik bir dalana – diplomatik şah-mata salan bu cavab Heydər Əliyev dühasının, dövlətçilik təfəkkürünün miqyasını göstərən ən parlaq tablodur. Şevardnadzenin uydurduğu ucuz hava limanı nağılları bu cür real və sarsıdıcı tarixi faktların qarşısında sadəcə sabun köpüyü kimi sönməyə məhkumdur.
MEDİA TƏNQİDİ: SENSASİYA NAMİNƏ QURBAN VERİLƏN JURNALİSTİKA ETİKASI VƏ ANS
Bu hadisədə Şevardnadzenin siyasi maraqları və ya yaddaş çaşqınlığı məsələnin yalnız bir tərəfidir. Prosesin ən acınacaqlı və düşündürücü tərəfi isə özünü uzun illər boyu Azərbaycan mediasının “flaqmanı”, “peşəkarlıq məktəbi” kimi təqdim edən ANS telekanalının və onun rəhbərliyinin nümayiş etdirdiyi dəhşətli məsuliyyətsizlikdir.
Özünə hörmət edən, ciddi jurnalistika prinsipləri (broadcasting standards) ilə işləyən hər bir media qurumunun ən birinci və müqəddəs vəzifəsi “fact-checking”, yəni faktların yoxlanılmasıdır. Jurnalistika sadəcə bir diktofonu spikerin ağzına tutub, onun dediyi hər bir cəfəngiyatı, hər bir yalanı və ya təhrifi kor-koranə şəkildə cəmiyyətə ötürmək peşəsi deyil. Jurnalist, həm də cəmiyyətin tarixi dürüstlük süzgəcidir.
ANS və şəxsən Vahid Naxış bu müsahibəni yayımlayarkən bir neçə bağışlanmaz peşəkar səhvə yol veriblər:
- Müsahibə zamanı dərhal müdaxilənin edilməməsi:
Şevardnadze o cümlələri quranda, Qarabağ müharibəsinin və müstəqillik tariximizin xronologiyasını bilən hər bir savadlı Azərbaycan jurnalisti dərhal reportyor çevikliyi ilə müdaxilə etməli idi: “Cənab Prezident, axı Elçibəyin hakimiyyəti illərində Heydər Əliyev Bakıda deyil, Naxçıvanda idi və sizin Daşkəndə ilk rəsmi səfəriniz 1995-ci ildə baş tutub. Bu görüşün həmin vaxt olduğuna əminsinizmi?” Bu tək bir sual spikerin öz yaddaşını elə oradaca korreksiya etməsinə və ya uydurduğu yalanın ifşa olunacağını anlayıb geri çəkilməsinə kifayət edərdi;
- Redaksiya qeydinin və şərhin olmaması:
Tutaq ki, müsahibə canlı olub və ya jurnalist həmin an həyacandan bu detalı qaçırıb. Bəs bu material montaj masasına gələndə, efirə hazırlananda bütöv bir redaksiya hara baxırdı? Niyə ekranda kiçik bir yazı ilə və ya süjetin sonunda redaktor şərhi ilə: “Tarixi arxiv sənədlərinə görə, Eduard Şevardnadzenin bəhs etdiyi bu üçlü görüş xronoloji baxımdan baş tutmayıb...” qeydi yerləşdirilmədi?
- Sarı mətbuat həvəsi:
Cavab sadədir: sensasiya xəstəliyi. ANS rəhbərliyi tarixi dürüstlüyü, dövlət liderlərinin real nüfuzunu sırf “böyük reytinq gətirəcək, cəmiyyətdə səs-küy yaradacaq” deyə, ucuz bir sensasiyaya qurban verdi. Hər deyilən fikri, hər ağızdan çıxan yoxlanılmamış iddianı dərhal tirajlamaq ciddi medianın deyil, yalnız bulvar mətbuatının – sarı mətbuatın işidir. ANS bu addımı ilə özünün ciddi media statusunu heçə sayaraq, sarı mətbuatın ən ucuz alətlərindən birinə çevrildi.
Əgər bu gün sıradan bir oxucu, sadə bir tamaşaçı evində əyləşərək, açıq internet resursları və bəsit bir xronoloji tutuşdurma ilə bu nəhəng yalanı bir neçə dəqiqə ərzində ifşa edə bilirsə, əlində bütöv bir arxiv, böyük bir jurnalist komandası və dövlət resursları olan bir telekanalın bunu etməməsi sadəcə peşəkar savadsızlıq deyil, həm də cəmiyyətə qarşı hörmətsizlikdir.
NƏTİCƏ: TARİXİ SÜZGƏCDƏN KEÇƏN HƏQİQƏT
Siyasətçilər gəldi-gedərdir. Onlar nə qədər böyük imperiyaların idarəçiləri, nə qədər təcrübəli diplomatlar olsalar da, şəxsi xatirələri heç vaxt mütləq həqiqətin özü ola bilməz. İnsan yaddaşı kövrəkdir; o, zaman keçdikcə şəxsi maraqlara, siyasi konyunkturaya və qocalığın gətirdiyi defektlərə uduzur. Eduard Şevardnadzenin Bakı hava limanı ilə bağlı danışdığı o iddialı hekayə də tarixin süzgəcindən keçə bilməyib siyasi mifologiyanın zibilliyinə gömüldü.
Lakin bu uğursuz xatirə montajının bizə qazandırdığı çox mühüm bir dərs var. Sənədləri vərəqlədikcə, yalanları ayırd etdikcə biz öz tariximizin real simalarını – Heydər Əliyevi və Əbülfəz Elçibəyi daha aydın görürük. Biz onların münasibətlərindəki o kübarlığı, 1993-cü ilin aprelində Bakı aeroportunun o kiçik VIP otağında yaşanan o möhtəşəm “Mən Azərbaycan Prezidentinin qarşısında dayanmışam!” duruşunu tapırıq.
Şevardnadzenin uydurduğu o bəsit və aqressiv mübahisə ssenarisi bu iki böyük liderin bir-birinə və Azərbaycan dövlətinə göstərdiyi ali ehtiramın qarşısında tamamilə əriyib gedir. Azərbaycan xalqı öz yaxın tarixini xarici siyasətçilərin ucuz manipulyasiyalarından və reytinq axtaran medianın savadsızlığından məhz bu cür dəqiq arxiv faktları ilə qorumalıdır.
Tanrı bu torpağın, bu millətin bütövlüyü və dövlətçiliyi üçün xidmət etmiş hər iki böyük oğluna – Heydər Əliyevə və Əbülfəz Elçibəyə rəhmət eləsin. Onların dövlətçilik dərsi Şevardnadzenin uydurma miflərindən hər zaman qat-qat uca qalacaqdır!
Fərəməz Novruzoğlu
Gundemxeber.org
17-11-2013, 10:32
18-05-2018, 22:49
25-07-2017, 13:38
29-11-2013, 13:00
28-03-2018, 17:59
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?