Gundemxeber.az » Manşet » Muzey direktoru Səhiyyə Nazirliyinə qarşı: “Ya mən, ya heç kim” — 300 illik eksponat isə yoxa çıxıb – ŞOK İDDİALAR
Naxçıvan Muxtar Respublikasının Babək rayon Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti və müəssisənin rəhbərliyi ilə bağlı ciddi narazılıqlar yaranıb.
Gundemxebertv.com redaksiyasına daxil olan materiallardakı iddialar həm direktorun işə səhlənkar münasibətini, həm də muzeydəki tarixi eksponatların qorunması ilə bağlı qaranlıq məqamları əhatə edir.
1981-ci il dekabrın 18-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondunda rayonun tarixini əks etdirən 3500-dən çox eksponat qorunur. Lakin müəssisənin əsas vəzifəsi olan maddi-mədəni irsin qorunması və təbliği istiqamətində səslənən son iddialar rəsmi qurumların diqqətini çəkməlidir.
Muzey əməkdaşlarının bildirdiyinə görə, direktor Sərxan Abdullayev iş vaxtının böyük hissəsini müəssisədən kənarda keçirir. İddia olunur ki, S. Abdullayev Naxçıvan Respublika Xəstəxanasında bufet və çayxana fəaliyyəti ilə məşğuldur. Keçmiş səhiyyə naziri Samiq Sadıxovla yaxın dostluğu olduğu bildirilən direktorun məhz bu əlaqələrin sayəsində səhiyyə ocağında yeməkxana biznesini qurduğu və illərdir idarə etdiyi vurğulanır. Muzeyə isə əsasən rəsmi tədbirlər zamanı baş çəkdiyi qeyd olunur.
Bununla yanaşı, direktorun işlətdiyi obyektdə qanunsuzluqlara yol verdiyi, o cümlədən əmək müqaviləsi olmadan dörd nəfər işçi çalışdırdığı iddia edilir. Həmin işçilərdən ikisinin hərbi qulluqçu olduğu – birinin Fövqəladə Hallar Nazirliyinin, digərinin isə Dövlət Sərhəd Xidmətinin əməkdaşı Ədalət Həsənoğlunun olduğu bildirilir.
Daha ağır və ciddi iddia isə muzeyin tarixi eksponatlarının taleyi ilə bağlıdır. Muzeyin keçmiş əməkdaşı Leyla xanımın sözlərinə istinadən bildirilir ki, təxminən 300 illik tarixi dəyərə malik olduğu deyilən eksponat vaxtında qeydiyyata alınmayıb və sonradan başqa bir əməkdaş tərəfindən götürülərək yoxa çıxıb. Məsələ ilə bağlı muzey rəhbərliyinə və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verilsə də, lazımi tədbir görülmədiyi iddia olunur.
Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən qanunsuz formada fəaliyyət göstərdiyi və VÖEN-i olmadığı üzə çıxan S. Abdullayevin işlətdiyi bufet bağlanıb. Sərxan Abdullayevin VÖEN olmadan müqavilə əsasında bufeti işlətməyə davam etmək istədiyi, bu olmadığı təqdirdə isə müqaviləsi bitənədək xəstəxana bufetinin bağlı qalacağını bildirdiyi iddia olunur. “Ya mən, ya heç kim” prinsipi ilə yaşayan S. Abdullayevin əməlləri üzündən xəstələr və onların yaxınları çətinliklərlə üzləşirlər. Xəstəxana binasında bufet olmasına baxmayaraq, obyektin bağlı qalması səbəbindən vətəndaşlar çay içmək, yemək almaq və ya zəruri ehtiyaclarını ödəmək üçün xəstəxanalardan kilometrlərlə uzaqdakı market və bufetlərə getməyə məcbur qalırlar. Muzey direktoru isə birbaşa vəzifəsini unudaraq Səhiyyə Nazirliyi ilə mübarizə aparmaqla məşğuldur. Qeyd olunur ki, bu barədə Mədəniyyət Nazirliyinin aparat rəhbərliyinə və mətbuat xidmətinə dəfələrlə müraciət edilsə də, məsələyə laqeyd yanaşılıb.
Xalqın tarixi yaddaşını qoruyan dövlət muzeyində baş verən bu cür xoşagəlməz hallar və eksponatların aqibəti ilə bağlı aidiyyəti qurumların dərhal xidməti araşdırma aparması tələb olunur.
Məlumat üçün bildirək ki, Sərxan Abdullayev Naxçıvan MR-nin keçmiş səhiyyə naziri Samiq Sadıxovun yaxın dostudur.
P.S. Gundemxebertv.com olaraq, yazıda adı çəkilən şəxslərin və qurumların (Sərxan Abdullayev və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi) mövqeyini dərc etməyə hazırıq.
Gundemxebertv.com
13-08-2026, 22:22
27-07-2026, 16:29
17-08-2026, 10:50
11-07-2013, 01:03
17-04-2013, 10:40
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?