Quba rayonunda fəaliyyət göstərən “Mountain Breeze Otel”lə bağlı redaksiyamıza daxil olan şikayətdə müəssisənin müştərilərlə davranışı və xidmət qaydaları ilə bağlı ciddi narazılıqlar ifadə olunub.
Şikayətçilərin sözlərinə görə, onlar hotelin restoranında nahar etmək məqsədilə obyektə daxil olmaq istəyərkən gözlənilməz tələblərlə qarşılaşıblar. İddia olunur ki, giriş zamanı mühafizə xidməti tərəfindən adambaşına 5 manat ödəniş tələb edilib. Bununla yanaşı, sifariş ediləcək yeməklərin hesabının da əvvəlcədən ödənilməsi istənilib.
Vətəndaşlar hesab edirlər ki, bu cür yanaşma müştərilərin narazılığına səbəb olur və xidmət sektorunda qəbul edilmiş etik davranış normalarına uyğun gəlmir. Onların fikrincə, istirahət və iaşə obyektlərində əsas prioritet müştəri məmnuniyyəti olmalıdır.
Məsələ ilə bağlı müəssisənin mövqeyini öyrənmək üçün rəhbərliklə əlaqə saxlanılıb. Qarşı tərəfdən verilən cavabda göstərilən xidmət qaydalarının müəssisənin daxili siyasəti olduğu bildirilib.
Şikayətçilər isə hesab edirlər ki, turizm potensialı ilə seçilən Quba kimi bir rayonda fəaliyyət göstərən hotel və restoranlar qonaqlara daha diqqətli və nəzakətli münasibət göstərməlidirlər. Onların sözlərinə görə, xidmət keyfiyyəti və müştəri məmnuniyyəti turizm sektorunun inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, gundemxeber.com-un redaksiyasına daxil olan müraciətdə səsləndirilən iddialar şikayətçilərin mövqeyini əks etdirir. Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması və səsləndirilən narazılıqlara aydınlıq gətirməsi məqsədəuyğun olardı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?