Gundemxeber.az » Manşet » Şəhid xatirəsinə hörmətsizlik: Binəqədidə narazılıq doğuran mənzərə -FOTO
Şəhidlərin xatirəsi Azərbaycan cəmiyyətinin ən həssas və müqəddəs dəyərlərindən biridir. Müstəqilliyimizin, ərazi bütövlüyümüzün və dövlətçiliyimizin qorunması uğrunda canından keçən insanların əziz xatirəsinə ehtiram göstərilməsi təkcə mənəvi məsuliyyət deyil, həm də hər bir dövlət qurumunun və vətəndaşın üzərinə düşən borcdur. Təəssüf ki, bəzən müxtəlif ərazilərdə rast gəlinən laqeyd münasibət cəmiyyətdə haqlı narazılıq yaradır.
Belə hallardan biri də Binəqədi rayonunun M. Ə. Rəsulzadə qəsəbəsində qeydə alınıb. Apardığımız müşahidələdən görünən odur ki, şəhidə həsr olunmuş xatirə lövhəsi qəsəbənin əsas magistral yolu üzərində yerləşən yerüstü piyada keçidinin içərisində uyğun olmayan vəziyyətdə asılıb. Bu mənzərəni görən sakinlər bunu şəhid xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər.
Sözügedən ərazi gün ərzində minlərlə insanın istifadə etdiyi əsas hərəkət istiqamətlərindən biridir. Buradan məktəblilər, yaşlı insanlar, sürücülər və müxtəlif dövlət qurumlarının əməkdaşları keçirlər. Belə bir yerdə yerləşən xatirə lövhəsinin uzun müddət diqqətdən kənarda qalması suallar doğurur. Əgər doğrudan da bu vəziyyət uzun müddətdir davam edirsə, aidiyyəti qurumların məsələyə vaxtında müdaxilə edib-etmədiyi barədə ictimaiyyətin sual verməsi təbiidir.
Şəhidlərin xatirəsinə aid lövhələr, abidələr və guşələr sadəcə dekorativ element deyil. Onlar xalqın tarixini, qəhrəmanlıq salnaməsini və gələcək nəsillərə ötürülən milli yaddaşı yaşadan mühüm simvollardır. Məhz buna görə də onların yerləşdirilməsi, qorunması və saxlanılması xüsusi həssaslıq tələb edir.
Əgər həqiqətən də lövhənin yerləşdirilməsi və ya qorunması ilə bağlı nöqsan mövcuddursa, aidiyyəti qurumlar bunun səbəblərini araşdırmalı, yaranmış vəziyyəti aradan qaldırmalı və gələcəkdə oxşar halların təkrarlanmaması üçün zəruri tədbirlər görməlidirlər.
İctimai nəzarət də bu məsələdə mühüm rol oynayır. Vətəndaşların diqqətə çatdırdığı problemlərin operativ araşdırılması dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Əksinə, ictimai narazılığa səbəb olan məsələlərin uzun müddət həllini tapmaması cəmiyyətdə laqeydlik təsəvvürü yarada bilər.
Şəhidlər bu Vətənin ən ali zirvəsinə ucalmış insanlardır. Onların xatirəsinə göstərilən hörmət yalnız anım günləri ilə məhdudlaşmamalı, gündəlik həyatda da öz əksini tapmalıdır. Xatirə lövhələrinin, abidələrin və digər memorialların layiqincə qorunması milli-mənəvi dəyərlərimizə verilən qiymətin göstəricisidir.
Ümid edilir ki, Binəqədi rayonunun M. Ə. Rəsulzadə qəsəbəsində qaldırılan məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq, əgər nöqsan təsdiqini taparsa, qısa zamanda aradan qaldırılacaq və şəhid xatirəsinə layiq münasibətin təmin olunması istiqamətində zəruri addımlar atılacaq.
Gundemxeber.com
26-11-2014, 23:13
10-08-2016, 22:35
10-07-2017, 11:48
10-07-2017, 16:55
5-02-2015, 00:48
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?