Görəsən, Prezidentin köməkçisi Hikmət Hacıyevin “evini yıxıb, çırağını söndürdükləri” müstəqil mətbuat nümayəndələrinin ailələrinə də yazığı gəlirmi? Yoxsa heç bir günahı olmadan həbsxanalara salınan jurnalistlərin azyaşlı övladları bu “yazığım gəlir” siyahısına daxil deyil?
Hikmət Hacıyevin Tural Sadıqlıya ünvanladığı “vətənə xəyanət edənlərə yazığım gəlir” ifadəsi daha çox ictimai diqqəti cəlb etməyə hesablanmış növbəti siyasi ritorikanı xatırladır. Çünki “vətənə xəyanət” etdiyi iddia olunanların əksəriyyəti artıq ölkəni tərk edib, öz həyatlarını başqa yerlərdə qurublar. Bu gün ortaya çıxan mənzərə isə fərqlidir: elə bil onlara yox, daha çox burada qalanlara yazıq düşür.
İroniya ondadır ki, “yazığım gəlir” ifadəsi problemlərin həllinə çevrilmir. Əgər doğrudan da vətəndaşa yazıq gəlmək hissi varsa, bunu bəyanatlarda deyil, insanların həyat şəraitində, söz və mətbuat azadlığında, jurnalistlərin təhlükəsiz fəaliyyət imkanlarında göstərmək daha inandırıcı olardı.
Çünki vətəndaşın ölkəsini tərk etməməsi üçün ona mərhəmət deyil, hüquq, ədalət və normal yaşamaq imkanı lazımdır. Jurnalistin isə “yazığım gəlir” cümləsinə deyil, azad qələmə və peşəsini qorxmadan icra edə biləcəyi mühitə ehtiyacı var.
Əks halda, “yazığım gəlir” ifadəsi cəmiyyət üçün təsəlli deyil, sadəcə növbəti siyasi aforizm kimi yadda qalacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?