Dövlət Vergi Xidmətinin (DVX) iki vəzifəli şəxsi saxlanılıb. Onların vergi yoxlamasının keçirilməməsi müqabilində sahibkarlardan rüşvət almaqda ittiham olunduğu bildirilir. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
Sözügedən şəxslər DVX-nin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin Sahə Təhkimçiliyi İdarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədovdur.
Məlumatda deyilir ki, onların Bakıdakı ticarət mərkəzlərindən birində çoxsaylı sahibkarlardan rüşvət qismində 200 min manat almalarına əsaslı şübhələr müəyyən edilib. Bu vəsaitin vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə alındığı iddia olunur.
Mirzəyev və Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib. Adıçəkilən şəxslərin ittihamlara münasibəti hələlik bəlli deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?