Gundemxeber.az » Ölkə » “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan Yay Düşərgəsi davam edir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan Yay Düşərgəsində maarifləndirici, sosial və inkişafyönümlü tədbirlər davam edir.
Gundemxeber.org xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva düşərgə iştirakçıları ilə görüşüb, uşaqlar üçün yaradılmış şərait və həyata keçirilən fəaliyyətlərlə tanış olub, onların istirahəti və düşərgə ilə bağlı təəssüratlarını dinləyib. C.Rəhmətullayeva görüş zamanı uşaqlarla səmimi söhbət aparıb, onlarla birgə musiqi nömrələri ifa edib və müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib.
Düşərgə proqramı çərçivəsində iştirakçılar üçün uşaq hüquqlarının qorunması mövzusunda maarifləndirici təlim keçirilib. Təlim zamanı iştirakçılara uşaq hüquqları, təhlükəsiz davranış qaydaları, hüquqlarının pozulduğu hallarda müraciət edə biləcəkləri dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin fəaliyyəti, xidmətə hansı hallarda və necə müraciət edilməsi yolları izah olunub. Təlimin praktik hissəsində uşaqlar Uşaq Qaynar Xətt Xidmətinə zəng edərək müraciət prosesini yaxından izləyib, xidmətin fəaliyyət mexanizmi ilə tanış olub və öz hüquqlarının müdafiəsi sahəsində biliklərini artırıblar.
Düşərgə proqramının davamında uşaqlar komanda işi və ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş interaktiv məşğələlərdə iştirak ediblər. Onlar müxtəlif yaradıcılıq fəaliyyətlərinə qoşularaq rəqs və musiqi nömrələri hazırlayıb, istedadlarını nümayiş etdiriblər. Milli-mədəni irsimizin təbliği məqsədilə Azərbaycan filmlərinə baxış təşkil olunub, filmlər ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, uşaqlarla ətraf mühitin mühafizəsi, ekoloji çirklənmənin qarşısının alınması və gündəlik həyatda ekoloji davranış vərdişlərinin formalaşdırılması mövzusunda maarifləndirici söhbətlər keçirilib. Yaradıcılıq məşğələləri zamanı iştirakçılar ekoloji mövzuda əl işləri hazırlayaraq təbiətin qorunmasının əhəmiyyətinə dair fikirlərini ifadə ediblər.
Həmçinin düşərgə iştirakçıları arasında şahmat turniri təşkil olunub. Turnir uşaqların məntiqi təfəkkürünün, diqqətinin, strateji düşünmə və qərarvermə bacarıqlarının inkişafına töhfə verib.
Gundemxeber.org





16-04-2019, 15:50
12-09-2013, 12:30
1-06-2017, 18:47
10-02-2017, 12:00
29-09-2016, 17:11
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?