Gundemxeber.az » Ölkə » Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
BMU-nun rektoru Yaqub Piriyev səfiri salamlayaraq, universitetdə görməkdən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirən rektor təhsil və elm sahələrində əməkdaşlığa diqqət çəkib. Bu baxımdan 2020-ci ildən BMU ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əhəmiyyətini diqqətə çatdırıb.
Gundemxebertv.com xəbər verir ki, rektor vurğulayıb ki, Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı ölkəmizdə yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Proqramın uğurla icra olunduğunu və əldə edilən nəticələrin onun davamlılığını təmin etdiyini deyən rektor müddəti 2030-cu ilədək uzadılan İDP çərçivəsində müasir çağırışlar və rəqəmsal iqtisadiyyatın tələbləri nəzərə alınmaqla yeni ixtisas istiqamətlərinin müəyyənləşdirildiyini bildirib. Əlavə edib ki, proqramın ikinci mərhələsi üzrə tədris “Kompüter elmləri / Süni intellekt mühəndisliyi”, “Data analitikası / Data elmləri”, “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” istiqamətləri üzrə həyata keçirilir.
Proqram üzrə statistik göstəricilərə və uğurlu nəticələrə toxunan Yaqub Piriyev əməkdaşlığın prioritet istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini önə çəkib və bunun tərəfdaşlığa yeni məzmun qazandıra biləcəyini qeyd edib.
Səfir Kanq Kımqu Azərbaycan və Koreya arasında təhsil və elm sahəsində əməkdaşlığın önəmini vurğulayaraq, BMU–İNHA ikili diplom proqramının bu əlaqələrin inkişafına mühüm töhfə verdiyini deyib. Həmçinin ali təhsil və texnologiya sahəsində təcrübənin bölüşülməsinin, gənclər arasında akademik və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. BMU-nun beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi təşəbbüsləri müsbət dəyərləndirən səfir universitetlə Koreya ali təhsil müəssisələri arasında yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud tərəfdaşlığın inkişafı müzakirə olunub.
Daha sonra rektor və səfir BMU–İNHA ikili diplom proqramı üzrə təhsil alan tələbələrlə görüşüb. Çıxışlar zamanı proqram tələbələrinin əldə etdikləri bilik və təcrübələri Azərbaycan ilə Koreya arasında əlaqələrin inkişafı üçün istifadə edəcəklərinə, münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verəcəklərinə inam ifadə olunub. Hazırda İDP üzrə ümumilikdə 319 tələbənin təhsil aldığı, onlardan 117-sinin proqramın birinci mərhələsi üzrə təhsilinin dördüncü ilini Koreyada davam etdirdiyi nəzərə çatdırılıb. Proqramın ikinci mərhələsi üzrə isə 200 tələbə BMU-da 1-ci və 2-ci kurs üzrə təhsil alır. O da qeyd olunub ki, İDP üzrə ümumilikdə 256 tələbə məzun adını qazanıb və onlar öz karyeraları ilə mühüm uğurlara imza atıblar. Eyni zamanda əməkdaşlığın davamı olaraq, BMU ilə Koreyanın İNHA Universiteti arasında imzalanmış Niyyət Məktubuna əsasən, ikili diplom proqramı üzrə təhsildə fərqlənən məzunların 10 faizinin İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüdlə təmin edildikləri, məzunlardan 18 nəfərin bu təqaüdü qazandıqları diqqətə çatdırılıb və tələbələrə belə imkanlardan yararlanmaları tövsiyə olunub.
Səmimi şəraitdə keçən görüşdə tələbələrin təhsil təcrübəsi, Koreyada tədris prosesi, akademik mühit və gələcək karyera planları ətrafında söhbət aparılıb, onların sualları cavanlandırılıb.
Ziyarət çərçivəsində səfir BMU-nun elmi-tədqiqat və tədris laboratoriyarına, həmçinin Texnoparkına baş çəkib. Səfir, habelə universitetdə fəaliyyət göstərən Kinq Seconq İnstitutunu da ziyarət edib.
1-09-2026, 14:58
21-10-2026, 17:39
16-09-2019, 17:27
23-10-2026, 09:32
31-08-2026, 17:10
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?