Bu gün Ali Məhkəmədə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının kasasiya şikayətinə baxılıb. Ə. Zeynallının vəkili Elçin Sadıqov APA-ya bildirib ki, Ali Məhkəmə jurnalistin kasasiya şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin 13 may 2013-cü il tarixli qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.
O, sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmə əsasən, ondan 4076 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödəniləcək.
Hökmdən apellyasiya şikayəti verilsə də, məhkəmə şikayəti təmin etməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?