Son illər Xırdalan şəhərində urbanizasiya prosesinin sürətlənməsi ictimai məkanların taleyi ilə bağlı yeni müzakirələr doğurur. İnkişaf və tikinti işləri artdıqca, yaşıllıq zonalarının qorunması məsələsi arxa plana keçir və bu da şəhər sakinlərinin haqlı narahatlığına səbəb olur. Son günlər park ərazisində baş verən hadisə isə bu narahatlığı daha da gücləndirib.
Abşeron rayonunda yerləşən parkların birində fəaliyyət göstərən “Caramel” restoranının sahəsinin genişləndirilməsi istiqamətində aparılan işlər ictimai rezonans doğurub. Əldə olunan məlumatlara və yerində aparılan müşahidələrə əsasən, obyektin artırılan hissəsi parkın yaşıllıq zonasına doğru genişlənib. Nəticədə bir neçə şam ağacı tikinti konstruksiyalarının içərisində qalıb. Bu ağaclar faktiki olaraq süni baryerlərlə əhatələnərək təbii inkişaf mühitindən məhrum edilib.
Mütəxəssislər bildirir ki, ağacların gün işığından və hava dövranından məhrum edilməsi onların tədricən zəifləməsinə və qurumasına gətirib çıxara bilər. Belə hallarda isə çox vaxt “quruma” əsas gətirilərək həmin ağacların kəsilməsi halları müşahidə olunur. Bu isə artıq təkcə ekoloji deyil, həm də ictimai hüquqlar baxımından ciddi problem yaradır.
Şəhər sakinləri məsələyə kəskin reaksiya verərək bildirirlər ki, parklar hamı üçün nəzərdə tutulmuş ictimai məkanlardır. Ağaclar yalnız dekorativ element deyil, həm də insanların istirahəti üçün vacib olan kölgə, təmiz hava və psixoloji rahatlıq mənbəyidir. Onların sözlərinə görə, parkın bir hissəsinin kommersiya obyektinə çevrilməsi bu məkanın mahiyyətinə ziddir və sosial bərabərsizliyi dərinləşdirir. Belə ki, nəticədə parkdan yalnız ödəniş edə bilən şəxslər tam şəkildə faydalana bilir.
Məsələ ilə bağlı mövqe öyrənmək üçün Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumun memarı Kənan Babayev jurnalistlərə bildirib ki, sualların Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanması daha məqsədəuyğundur. Eyni zamanda məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt Ərazi İdarəsinə də məlumat verilib. Qurumun nümayəndəsi əraziyə baxış keçiriləcəyini və faktın araşdırılacağını bildirsə də, artıq iki gündür heç bir real addımın atılmadığı qeyd olunur.
Mövzu ilə bağlı münasibət bildirən deputat Razi Nurullayev park və meşə ərazilərində kommersiya obyektlərinin fəaliyyətinə ehtiyatla yanaşılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq təcrübədə parklar əsasən istirahət və ictimai istifadə üçün qorunur, ticarət obyektlərinin sayı isə ciddi şəkildə məhdudlaşdırılır. Deputat hesab edir ki, Azərbaycanda da bu sahədə daha balanslı və məhdudlaşdırıcı yanaşma tətbiq olunmalıdır.
Aparılan müşahidələr göstərir ki, Abşeron rayonu, xüsusilə də Xırdalan şəhərində son dövrlər qeyri-qanuni və ya mübahisəli tikililərin sayı artmaqdadır. Bu isə şəhərsalma prinsiplərinin nə dərəcədə effektiv tətbiq olunduğu sualını gündəmə gətirir. Ekspertlər hesab edir ki, bu kimi hallar davam edərsə, gələcəkdə şəhərdə həm ekoloji tarazlıq, həm də ictimai məkanların əlçatanlığı ciddi təhlükə altına düşə bilər.
Məsələ açıq qalır: parklar doğrudanmı hamı üçündür, yoxsa getdikcə yalnız kommersiya maraqlarının xidmətinə verilir? Cavab isə hələlik məsul qurumların atacağı addımlardan asılıdır.
Sorğu
Yeni dizaynımız necədir?