Aprelin 22-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə YAP tərəfindən namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunub.
"Məzahir Pənahov, Rövzət Qasımov, Ramiz İbrahimov, Hüseyn Paşayev, Elmar Məmmədov və Sevinc Abdullayevanın MSK-nın əsas, Elnarə Mustafayevanın isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul edilib", - YAP-ın açıqlamasında bildirilir.
Əvvəlki tərkiblə müqayisədə bəzi namizədlər dəyişsə də, 2000-ci ildən — artıq 26 ildir bu quruma rəhbərlik edən M. Pənahovun yenidən YAP-ın siyahısında yer alması diqqət çəkib.
Seçki Məcəlləsinə əsasən, MSK-nın 5 illik səlahiyyət müddəti başa çatdığı üçün qurum bu ay yenidən formalaşdırılmalıdır.
MSK 18 üzvdən ibarətdir. Qanunvericiliyə görə, üzvlərin 1/3-nü Milli Məclisdə çoxluq təşkil edən partiya (Yeni Azərbaycan Partiyası), 1/3-nü heç bir siyasi partiyaya mənsub olmayan (bitərəf) deputatlar, 1/3-nü də parlamentdə azlıqda olan siyasi partiyalar müəyyən edir.
MSK-nın sədr, sədr müavini və iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilməlidir.
Azlıqda olan partiyaların namizədləri dəyişməyəcək
Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.
Yerli saytların xəbərinə görə, bu partiyaların MSK-dakı hazırkı təmsilçilərinin tərkibi dəyişməz qalacaq:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) - Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov
Müxalifətin istəyi
Mövcud tərkibdə Müsavat və Azərbaycan Xalq Cəbhəsi kimi partiyaların təmsilçiləri yoxdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son parlament seçkilərini boykot edib. Müsavat da AXCP kimi onun nəticələrini tanımır.
Hər iki partiya hesab edir ki, Azərbaycanda seçkilər total saxtakarlıqlarla keçirilir. Hərçənd rəsmilər belə dəyərləndirməni qəbul etmirlər.
Amma ATƏT-in seçki missiyası da son 2024-cü il parlament seçkilərində müxtəlif qanun pozuntularının baş verdiyini açıqlayıb.
Bir sıra müxalifət partiyaları hesab edirlər ki, seçkilər Azərbaycan xalqının iradəsini ehtiva etmir. Onlar seçki komissiyaların paritet əsasda formalaşmasını təklif edirlər.
Həmin müxalifət partiyalarının iddialarına görə, komissiyaların indiki tərkibi hakimiyyətin maraqlarına xidmət edir. Onların vurğulamasına görə, parlamentdə bitərəf deputatlar da sözdə bitərəfdirlər. Hərçənd bitərəflər belə dəyərləndirməni qərəzli sayırlar.
Rəsmilər də komissiyaların paritet əsasda formalaşdırılması ilə bağlı təklifə müsbət yanaşmırlar.
Yekunda tərkib nə qədər dəyişəcək?
Ekspertlər MSK-nın yeni tərkibinin mövcud tərkibdən bir elə də fərqlənməyəcəyini düşünürlər.
Son seçkilərdə də hakim Yeni Azərbaycan Partiyası (YAP) yerlərin yarıdan çoxunu qazanıb. Üstəlik, bu Milli Məclisdə də, əvvəlki tərkibdə olduğu kimi, 11 partiya təmsil edilir. Sadəcə azlıqda qalan partiyalardan ikisi fərqlidir. Bununla belə, artıq onların namizədlərinin dəyişməyəcəyi açıqlanıb.
Qalıb bitərflərə ayrılan yerlər. Ekspertlər onların da mövcud güc nisbətini dəyişəcəklərinə inanmırlar.
26 illik sədr...
MSK-ya 2000-ci ildən Məzahir Pənahov rəhbərlik edir. Amma onun bu dəfə də ali seçki qurumuna rəhbərlik edib-etməyəcəyi, hələlik, dəqiq bəlli deyil. Bir sıra ekspertlər artıq Pənahovun sədrlik dövrünün yekunlaşmaqda olduğunu düşünürdülər. Onların fikrincə, hakimiyyət indi təzə simalarda maraqlıdır. Amma Pənahovun adının yenidən hakim partiyanın siyahısında yer alması həmin şəxslərin gözləntilərinə şübhələri artırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?