Redaksiyamıza daxil olan müraciət xaricdə yaşayan və ya müvəqqəti səfərdə olan Azərbaycan vətəndaşlarının konsulluq müdafiəsi ilə bağlı ciddi narahatlıqları yenidən gündəmə gətirir. Müraciət müəllifinin iddiasına görə, Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlətin üzərinə qoyulan vətəndaşların hüquqlarını xaricdə qorumaq və onlara himayədarlıq etmək öhdəliyi bir sıra hallarda praktikada lazımi səviyyədə təmin olunmur.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin III hissəsində göstərilir ki, dövlət öz ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Bu norma dövlətin xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları üçün hüquqi və mənəvi məsuliyyət müəyyənləşdirir.
Lakin müraciətdə qeyd olunur ki, bəzi ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlara edilən müraciətlər ya cavabsız qalır, ya da formal cavablarla yekunlaşır. Müəllif hesab edir ki, bu yanaşma Konstitusiyanın tələbləri ilə uzlaşmır və vətəndaşların dövlətə olan etimadına mənfi təsir göstərir
Müraciətdə son günlər Ukraynada baş vermiş faciəli hadisə də nümunə kimi göstərilir. Müəllifin fikrincə, müharibə şəraitində olan ölkələrdə yaşayan və ya həmin ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı diplomatik nümayəndəliklər daha aktiv maarifləndirmə aparmalı, zəruri hallarda alternativ həll yolları təklif etməli, vətəndaşların həyat və sağlamlığının qorunmasına üstünlük verməlidirlər. Bu, müəllifin şəxsi qiymətləndirməsidir və hadisənin hüquqi səbəbləri barədə rəsmi araşdırmaların nəticəsini əvəz etmir.
Məqalədə əsas diqqət isə 2024-cü ilin iyul ayında Soçi hava limanında baş verdiyi iddia olunan hadisəyə yönəldilir. Müraciət müəllifinin bildirdiyinə görə, ailə üzvləri J28632 nömrəli Soçi–Bakı reysinə buraxılmayıb və nəticədə daha baha başa gələn alternativ marşrutla Azərbaycana qayıtmağa məcbur olublar.
İddialara əsasən, hadisədən sonra Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik nümayəndəliklərinə, konsulluq xidmətlərinə, eləcə də müxtəlif dövlət qurumlarına çoxsaylı müraciətlər ünvanlansa da, iki ilə yaxın müddətdə problemin mahiyyəti üzrə hüquqi yardım göstərilməyib, tələb olunan sənədlər və videogörüntülər təqdim edilməyib, müraciətlərə isə qənaətbəxş cavab verilməyib.
Müraciətdə o da bildirilir ki, hadisə zamanı ailənin üzvlərinin əlillik statusunun nəzərə alınmadığı, daha sonra isə müxtəlif qurumların cavablarında bunun əksinin göstərildiyi iddia olunur. Müəllif hesab edir ki, bu hallar ayrıca hüquqi araşdırma tələb edir.
Bundan başqa, müraciətdə iddia edilir ki, məsələ ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına edilən şikayətlər də nəticəsiz qalıb və cavablarda göstərilən bəzi məlumatlar faktiki vəziyyətlə uyğun gəlmir. Bu iddiaların hüquqi qiymətləndirilməsi yalnız səlahiyyətli istintaq və məhkəmə orqanlarının araşdırması nəticəsində müəyyən edilə bilər.
Müraciət müəllifi sual edir: əgər Azərbaycan vətəndaşı xaricdə hüquqlarının pozulduğunu iddia edirsə, həmin şəxs hansı mərhələdə dövlətin diplomatik və konsulluq dəstəyini almalıdır? Konsulluq xidmətinin funksiyası yalnız sənədlərin rəsmiləşdirilməsi ilə məhdudlaşır, yoxsa vətəndaşın hüquqlarının müdafiəsi üçün hüquqi və təşkilati yardım göstərilməsi də bu vəzifələrin tərkib hissəsidir?
Məsələ təkcə bir ailənin yaşadığı iddia olunan problemlə məhdudlaşmır. Qloballaşan dünyada milyonlarla insan müxtəlif səbəblərdən xaricdə yaşayır, işləyir, təhsil alır və ya müalicə olunur. Belə şəraitdə diplomatik nümayəndəliklərin operativ fəaliyyəti, müraciətlərə çevik reaksiya verməsi və vətəndaşların hüquqlarının müdafiəsi dövlət-vətəndaş münasibətlərinin mühüm göstəricilərindən hesab edilir.
Əgər vətəndaşın hüquqlarının pozulması ilə bağlı iddialar mövcuddursa, həmin iddiaların araşdırılması, zəruri hüquqi yardımın göstərilməsi və müraciətlərə qanunvericilikdə nəzərdə tutulan müddətlərdə əsaslandırılmış cavab verilməsi dövlət qurumlarının fəaliyyətində xüsusi əhəmiyyət daşıyır.
Redaksiya hesab edir ki, müraciətdə qaldırılan məsələlər ictimai maraq doğurduğundan aidiyyəti dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi, Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik nümayəndəlikləri və adı çəkilən digər qurumlar tərəfindən araşdırılmalı, səsləndirilən iddialara rəsmi münasibət bildirilməlidir.
Qarşı tərəfin mövqeyi təqdim edildiyi təqdirdə, redaksiya onu da eyni qaydada dərc etməyə hazırdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?