Gundemxeber.az » Ölkə » Dövlət Komitəsi Azərbaycan dilinin saflığının qorunması ilə bağlı konfrans keçirib






Dövlət Komitəsinin təşəbbüsü ilə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və “Ailəm” Könüllülərinin ziyalılarla görüşü keçirildi.
Gundemxeber.org xəbər verir ki, 7 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans keçirilib.
AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, millət vəkili, alimlər, ziyalılar, media və incəsənət nümayəndələri, həmçinin məktəblilər və gənclər iştirak ediblər. Görüşdə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin, eləcə də Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri və “Ailəm” Könüllüləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycan dili bizim milli kimliyimiz, tarixi yaddaşımız və mədəni irsimizin ən mühüm daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyev ana dilimizin dövlət dili kimi möhkəmlənməsinə, qorunmasına və inkişafına daim diqqətlə yanaşıb və bu siyasət bu gün ardıcıl şəkildə davam edir. Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayır və dövlətimizin başçısı ana dilimizi “toxunulmaz sərvətimiz” adlandıraraq onun xarici təsirlərdən qorunmasının və saflığının mühafizə edilməsinin vacibliyini hər zaman vurğulayır. O bildirib ki, Ölkə başçısının 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olması ilə bağlı çox önəmli bir çağırışı oldu.
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyevanın sözlərinə görə, xarici dil elementlərinin nizamsız şəkildə istifadəsi, sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması və ünsiyyət mədəniyyətində müşahidə olunan meyillər elmi yanaşma tələb edir. Bu baxımdan elm, təhsil, media və ailə institutlarının birgə fəaliyyəti Azərbaycan ədəbi dilinin qorunmasının əsas təminatıdır: "Dövlət dili yalnız hüquqi statusla deyil, həm də gündəlik istifadədə yüksək mədəniyyət nümunəsi ilə yaşayır. Dilimizi yaşatmaq üçün onu düzgün danışmaq, yazmaq və elmi əsaslarla inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həm də ictimai məsuliyyətdir, peşə etikasıdır, milli mədəniyyətin qorunmasına töhfədir".
Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin üzvü Nuray Şahsuvarlı tərəfindən böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri səsləndirilib.
Tədbir panel sessiya ilə davam edib. Panel müzakirənin moderatoru “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov olub. Panel sessiyası çərçivəsində Azərbaycan dilinin milli kimliyin formalaşmasında rolu, uşaqlar və gənclər arasında ana dilinə sevginin aşılanması, dilin saflığının qorunması, media və təhsil mühitində Azərbaycan dilindən düzgün istifadə, eləcə də müasir dövrdə qarşıya çıxan linqvistik çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Panel sessiyada Milli Məclisin deputatı Ceyhun Məmmədov “Uşaq və gənclərdə ana dilinə sevginin formalaşdırılmasında təhsilin rolu” mövzusunda çıxış edərək, təhsil müəssisələrinin və müəllimlərin gənc nəslin ana dilinə münasibətinin formalaşmasındakı rolundan danışıb. O, ana dilinin uşaqlar arasında sevdirilməsində ailənin rolunu xüsusi vurğulayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunmasında monitorinq mexanizmləri” mövzusunda çıxış edərək, Azərbaycan dilinin istifadəsində mövcud vəziyyət, dil normalarının qorunması və monitorinq mexanizmlərinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Xalq artisti Nurəddin Mehdixanlı “Ana dili – Milli kimliyin və mədəni irsin əsas sütunu” mövzusunda çıxışında ana dilinin milli şüurun, mədəni yaddaşın və mənəvi dəyərlərin yaşadılmasındakı rolundan bəhs edib.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva “Kütləvi informasiya vasitələrinin Azərbaycan dilinin saflığının qorunmasında rolu” mövzusunda çıxış edərək, media mühitində Azərbaycan dilinin düzgün və məsuliyyətli istifadəsinin, xüsusilə rəqəmsal platformalarda dil mədəniyyətinin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, Azərbaycan dilinin qorunması, inkişafı və gələcək nəsillərə zəngin və saf şəkildə ötürülməsi istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb.
Gundemxeber.org
13-11-2018, 15:30
2-02-2019, 14:06
30-01-2017, 22:16
Dünən, 16:19
9-09-2023, 14:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?